Birinci Mesaj...
32, Азербайджан

- Sənə məktub var!
- Kimdən?
- Allahdan! Səni yaradandan!
- Allahdan?! Allah... mənə... məktub göndərib?!
- Hə. Səni dəyərli bilib, səni İNSAN bilib sənə məktub yollayıb. Bəlkə oxuyub özünü tanımaq istəyəsən, kim olduğunu, nədən yaradıldığını, niyə yaradıldığını biləsən deyə sənə məktub göndərib... Özünü tanımaq istəyən, özünə hörmət edən hər kəs, Allahın ona ünvanladığı bu məktubu - Quranı oxuyur.
- Orda başqa nə yazılıb?
- Al, özün oxu...

Oxu!
Rəbbinin adı ilə oxu!

“OXU!” Bu Quranın ilk əmridir.
“DÜŞÜNMƏZMİSİNİZ?” Bu isə Quranın əsəs sualı...

Oxu və düşün! Bu Allahın insanlığa ünvanladığı dəyişməz əmridir. Oxu, düşün ki, seçə biləsən. Axirətini başqaları deyil sən özün təyin et. Unutma ki, sənin əvəzinə düşünənlər sənin istiqbalını deyil, öz mənfəətlərini güdürlər. Heç kimə imkan vermə ki, səndən istifadə etsin.

“Mən oxuya bilmirəm” demək şansın yoxdur. Elm, insanın fitrətinə qoyulub. Allah İnsanı yaratdı, ona elmi verdi və bundan sonra mələklərdən ona səcdə/itaət etməyi tələb etdi. İblis isə bu itaətdən imtina etdi və beləcə də İnsanın Əbədi düşməni oldu.
Düşmənçiliyi insan deyil, İblis başlatdı. Ona görə də İnsanın İblislə atəşkəs elan etmək şansı yoxdur. Qiyamətə qədər sürəcək bir savaşda rəqiblərdən biri olmağa məhkumdur. Qalib gəlmək və təslim olmaq isə istəyindən asılıdır. İradəsi ilə öz seçimini edir.
Döyüşdə qalib gəlmək istəyən əsgər komandirin bütün təlimatına uymalıdır.

Unutma ki, düşməni İblis olan bir əsgərsən. O hər zaman səni yolundan saxlamağa çalışacaq, vəsvəsə verəcək, Rəbbindən, Onun əmrlərindən uzaqlaşdıracaq... Bunu unutmamaq və Şeytanın hiylələrini, vəsvəsələrini tanımaq üçün Allahın mesajlarını oxumalısan. Yadında saxla ki: Şeytanın fantaziyası zəifdir. Adəmdən başlayaraq bütün Adəmoğullarına eyni oyunu oynayır.
Ona görə onu səndən daha yaxşı tanıyanı, onu və səni yaradanı dinləməyi öyrən. Öyrən ki, atalarının yanlışını təkrarlamayasan.

Allah “Oxu!” deyə səninlə danışmağa başladı.
Sən Oxumaqla Allahı dinləməyi öyrəndin.

Sən Oxumaqla düşünməyi, seçməyi, qərar verməyi, yolunu təyin etməyi... öyrəndin.
Quran düşünməyənlərə ölü deyir! “Onlar ölüdür! Sən onlara eşitdirə bilməzsən!”
Allah yolunda öldürülənlərə (şəhidlərə) diri deyən Quran düşünməyənlərə ölü deyir.
Ölünün və dirinin əsl tərifini Allah verir.

Sən oxumaqla bunu öyrənirsən.
"Oxu!" bir əmrdir.
Amma bu əmri icra etməyin də öz qanunu var.
Doğru oxuya bilmək üçün bu qanuna, bu təlimata tabe olmaq vacib amildir: "Rəbbinin adı ilə oxu!"
Əgər təlimata uymasan doğru oxuya bilməzsən. Quran özü haqqında elə demirmi?! Kafirin küfrünü, münafiqin inkarını, MÖMİNİN isə İMANINI artırıram. Bunu anlayan, düşünməyi bacaran, diri olmaq istəyən də təbii ki, təlimata uyacaq. Çünki əxlaq sahibidir. Yaradana qarşı nankorluq etmir. Çünki iman edib.
Yəqin elə ona görə də əxlaq imandan öncə, iman isə Qurandan öncə gəlir.

Quran Allahın insana ünvanladığı mesajıdır. Burada Allah insanla danışır. Allah xatibdir – yəni xitab edən, insan muxatab – xitab olunan. Burada səninlə danışan başqası deyil, məhz ALLAHdır, ALLAH...
Səni yaradan sənə müraciət edir.
O səninlə danışır.
Sənə bəzi nəsihətlər, öyüdlər, təlimatlar verir.
Əmrə qarşı gələnlərin aqibətini xatırladır.
Onu dinləmək istəməməyin nankorluqdur.

Qurani Kərimi ilk əlinizə aldığınızda sizə elə gəlir ki, bu Kitab Allahdan danışır. Amma oxuduqca anlayırsan ki, bu kitab əslində İNSANDAN danışır. İnsana ünvanlanan bu mesaj insana özünü tanıdır. Kim olduğunu, nədən yaradıldığını, niyə yaradıldığını açıqlayır.

O insanı yaratdı...
Niyə?!
Yalnız və yalnız Ona ibadət etsin deyə. Deməli, insanın bu dünyadakı missiyası sadəcə ibadətdir.
İbadət nədir? Yalnız namaz, oruc, həcc, zəkatmı...?
Yox. İbadət YARADANA sözsüz təslimiyyət, əmrlərinin hamısına itaətdir. Namaz da, oruc da, həcc də, zəkat da işin sadəcə başlanğıcıdır. İbadətə, əmrə təslimiyyətin qapısını aralamaqdır. Əsas iş qapıdan içəri girmək, bu etdiklərini həqiqətən də Allah rizası üçün etməkdir. Əksi də mümkündür. Unutmayaq ki, münafiqlər də namaz qılır...

İnsan nədən yaradıldı? Torpaqdan, palçıqdan, səs çıxaran gildən, nütfədən...
Torpaqdan yaradılan bir varlığı dəyərləndirən isə onun İBADƏTİDİR. Daha doğrusu ibadətdəki səmimiliyi. İbadət ADƏM OLMAQ iddiasıdır. Əks halda heçdən gələrək heçliyə gedəcəksən. Cəhənnəm bir heçlikdir.

Allahın İnsana birinci mesajı "Oxu!" əmridir.
İnsan əmrə tabe olaraq özünü, təbiəti, kainatı, varlığı oxuyur.

1. Allah bu möhtəşəm Kitabında bizə insanı tanıdır. Kim olduğunu, niyə yaradıldığını, nədən yaradıldığını söyləyir.
2. Özünü İnsana tanıdır. Qüdrətini, Sevgisini, Mükafatını... bir də Cəzasını xatırladır.
3. İnsana Dostunu tanıdır. Kiminlə və niyə dost olmalı olduğunu anladır.
4. Cənnətini təsvir edir. Bu dünyada bənzərlərini göstərdiklərinin orjinalını axirətdə verəcəyinə dair söz verir.
5. “Odunu daşlar və insanlar olacaq” cəhənnəmdən çəkindirir, qoruyur.
Bütün bunları anlamaq və yaşamaq üçün isə İnsana OXU! deyir. Rəbbinin adı ilə oxu!

Oxu ki, anlaya biləsən.
Oxu ki, anlaşıla biləsən
Oxu ki, yaşaya biləsən.
Oxu ki, xilas olasan. İblisin başlatdığı savaşda qalib gələsən.
Oxu ki, düşünəsən. Yəni İNSAN olasan.
Oxumasan Azacaqsan. Darvin kimi, meymundan adama çevrildiyini düşünüb təqlidçilik edəcəksən.

Cəhalətdən qurtuluş yalnız oxumaqdadır.

"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"

18 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут