02.11.2009
Göz Zinası
32, Азербайджан



Zina qapıları harama baxmaqla açılır!


İslamda zina haram olduğu kimi zinaya aparan yollar da haram edilmişdir.Bu yollardan ən təhlükəlisi isə harama nəzər etməkdir. Peyğəmbərimiz (sas) buyurur:


-“Gözləriniz də zina edir!”


Bu hədisə əsaslanıb deyə bilərik ki, zinaya aparan səbəblərdən ən birincisi “göz”dür.Allahu təalə Qurani-Kərimdə buyurur:


-“Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra surəsi,32)


Bəzi təfsir alimləri bu ayənin təfsirində buyurmuşdur: “Zinaya yaxın düşməyin”-yəni şəhvət ilə harama baxmayın! deməkdir.Necə ki, İsa peyğəmbər (aleyhissəlam) buyurur: “Harama baxmaqdan çəkinin! Çünki o şəhvətə aparır.Şəhvət isə insanı zinaya aparır.





Bəziləri göz zinasını kiçik günahlardan sayır.Amma vallahi ki, göz olmasaydı insan zina etməzdi.Bu mühüm bir məsələdir.


Necə ki, şəhəri ələ keçirmək üçün düşmən ordusu qala qapısını qırıb içəri daxil olarsa, şəhərdə olan camaata divan tutar, şəhəri isə talan edib, xarabazarlığa çevirər. Eyni ilə də haram baxışlar... Haram baxışlar ilə açılan zina qapısına daxil olan haram və günahlar müsəlmanın imanını,iffətini, namusunu və mənəviyyatını məhv edər.Mənəviyyatı olmayan insanda isə dindən əsər-əlamət belə ola bilməz.


Gözlərinizə sahib olun!


Allah təalə bizi yaratdı və bizə lazım olan nemətləri bəxş etdi.Bu həyatda onsuz keçinə bilməyəcəyimiz qədər, həyat üçün lazımlı bir nemət də var.”Göz” neməti.


Təbii, insanlar çox vaxt elmi oxuyaraq alırlar.Amma hər bir nemətdən düzgün istifadə edilməzsə, həmin nemət insana fayda yox ziyan gətirər.Onun üçün də zəlalətə düşməmək üçün, ziyana uğrayanlardan olmamağımız üçün bu “böyük nemətə” sahib çıxmağımız lazımdır.


Xüsusi ilə də indiki dövrdə...Televiziya, kino,teatr və s. kimi vasitələr müsəlmanı mənfi istiqamətə yönləndirmək üçün hazır hücum vəziyyətindədirlər.Sadəcə imanın bir qədər azalması, şeytani əmrlərə uymaq insanı bu texnika vasitəsiylə harama baxmasına şərait yaradır.Adi şəhər küçələrini gəzdikdə gördüyümüz mənzərələr müsəlmanların nə qədər təhlükədə olduğundan xəbər verir.


Ona görə ilk əvvəl evdə bu cür kanalların bir dəfəlik kilidlənməsi gərəkdir.


Gözlərini qoruya bilməyən imanını qoruya bilməz!


Allah təalə buyurur:


-“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. (İsra surəsi,36)


-“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)”.


-“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)”. (Nur surəsi,30-31)


Bu ayələri oxu! Təbii, imanı daim artırmaq istəyən gərək gözünü haramdan çevirsin.Allah rzası üçün harama baxmasın.Həqiqətən də, göz zinası insanın imanını aparar.İman isə mühüm məsələdir.İmanınızı qorumağa çalışın.İmanı aparan günahlardan uzaqlaşın!


Yaşadığımız ölkə Allahın dini ilə müharibə edən bir ölkədir.Günü-gündən atılan səhv addımlar da bunu bir daha sübut edir.Onun üçün əgər şəhəri gəzmək belə ağılınıza gəlsə fitnədən uzaq olan yerlərə gedin.Əgər fitnəli bir yerə gedib, gördüklərinizdən həzz almaq istəsəniz demək ki,dindən qafilsiniz. Əgər həzz almayacaqsınızsa o zaman niyə gedirsiniz?


İmanı güclü olan müsəlman yol ilə gedərkən ancaq öz qarşısına baxar.Necə ki, çox sürətlə qaçan kimsə bir yerə ilişib, yerə yıxılmamaq üçün çox diqqətlə və ancaq öz qarşısına baxır.Ətrafa nəzər etmir.Eləcə də imanı güclü olan bu kəsin misalındadır.


Rasulullah (sas) yol ilə gedərkən, sağa-sola baxmaz, yoxuşdan enirmiş kimi ancaq qarşısına baxardı.Özündən razı halda, əl-qol hərəkəti edərək getməzdi.Bir kimsəyə tərəf yönəlmək istəsəydi, təkcə başını yox bütün bədənini həmin kəsə tərəf çevirərdi.Heç kəsi arxadan səsləməzdi.Ona yaxınlaşıb sözünü deyərdi.


Valideynlərdən çox Allahu təalədən utanın!


Çoxları təklikdə olarkən vaxtını harama baxmaqla keçirir.Halbuki valideynləri yanında olduqda bu cür edə bilmir.Yəni, fikrimcə qeyrəti olan bir oğul ata-anasının yanında harama baxmaz.Çünki valideynlərindən utanır.Bəs Allahu təalədən necə? Axı təklikdə səni heç kəs görməsə də yalnız Allahu təalə görür.Axı O hər bir şeydən xəbərdardır.


Gözlər qəlbinizin aynasıdır!


Gözlərimiz adətən baxdığından təsirlənir.Eləcə də qəlbimiz gözlərimizdən təsirlənir.Qəlblərimiz gördüklərimizdən çox şey qazana və itirə bilər.Bəzən gördüyündən könüllər şad olar.Bəzən isə dərindən “ah” çəkərək, bədbinliyə qapılar.Onun üçün qəlblərinizi düşünürsünüzsə nəyə baxdığınızın fərqinə varın.


Harama baxmaq şeytanın qəlbimizə atdığı zəhərli bir oxdur.Ürəyi bu oxun zəhəri və zərərindən qorumağın tək yolu gözü haramdan çəkməkdir.


Haram baxışlar!


Haram baxışlar-Allahın verdiyi var-dövləti lüzumsuz sərf etməyə bənzər.


Haram baxışlar-Sahibini nəfsinin əsiri edər.


Haram baxışlar-İnsanı ülvi hislərdən uzaqlaşdırar, səfeh və alçaq bir kölə edər.


Həyatını elə yaşa ki, öldükdən sonra, Axirət günündə “Kaş ki, Allahu təalə məni kor edərdi, harama baxa bilməzdim”-deyə peşmanlıq hissi keçirməyəsən.


Mülk kimindirsə, hökm də Onundur!


Yaratdığı hər bir şey kimi, gözlərimizin də sahibi Allahdır.Allahu təalə bizə göz əmanətini verdi.Əmanət isə ancaq Onun sahibinin (yəni, Allahu təalənin) icazə verdiyi çərçivədə istifadə edilməlidir.


Ey müsəlman, gözün necə böyük nemət olduğunu heç düşünmədinmi? Bir saat özünü kor hiss edə bilərsənmi? Vallahi ki, görən insanlar bu halda vahimə içində olarlar. O zaman bu nemətin dəyər-qiymətini anlayarlar.Amma halbuki, artıq gec olacaqdır.


Gözlərinizi nəfsinizin istəyi ilə yox, Allahın istəyi ilə istifadə edin. Harama baxmaqla yox, elm öyrənməklə, Quran oxumaqla kor edin. Aldadıcı gözəllikləri seyr etməyi tərk edin.Və bilin ki, mülk kimindirsə hökm də Onun olacaqdır.


Allahummə, hökmünlə bizi əbədi səadətə qovuşdur.


Əməllər niyyətlərə görədir!


Gözü haramdan qorumaq üçün ən əsas niyyət olmalıdır.Yəni bu barədə niyyətin qəti və açıq olmalıdır.Əgər niyyətində harama baxmaq olmazsa o zaman gözlərin daim haramdan qaçar.Yox əgər əksinə olarsa o zaman harama baxmaq adət halını alar.Artıq haramlar gözündə adiləşər.Bir müddət sonra isə haramları özün tətbiq etməyə başlayarsan və bununla da çox dərin bir quyuya düşmüş olarsan.


Harama baxma ki, imanın ləzzətini görəsən!


Zəlalətə aparan əməllərdən qaçmaq, nicata aparan əməlləri öyrənməkdən daha sərfəlidir.Sən nə qədər çox haramdan gözünü qorusan, bir o qədər də savab qazanacaqsan.Hər kim Rəbbinin razılığı üçün haramdan nəzərlərini saxlasa, Rəbbimizin izni ilə imanın ləzzətini dadacaqdır.


Dua edirik, Allah təalə ”Haram baxışlar”a aparan yollardan bütün müsəlmanları qorusun.Axı Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir! (Mumin,19)”.


Gözlərimizi haram mənzərədən qoruyaq!


Əsrimizin tibbi problemlərindən biri də yaddaş zəiflidir.Tibb alimləri bu problemin səbəbini çox televizora baxmaqda, lüzumsuz xəyallar qurmaqda görürlər.İslam alimləri də bu problemin haram mənzərəyə baxmaqdan əmələ gəldiyini söyləyirlər.


İmam Şafi (rahiməhullah) buyurur:”Bir gün yaddaşımın zəifliyindən öz müəllimimə şikayət etdim.O da mənə günahları tərk etməmi tövsiyyə etdi.Və buyurdu:


-“Elm, Allahın verdiyi bir nurdur.Allah da öz nurunu asi bəndəsinə verməz!”


Və bilin ki, bu üç kəsin gözləri Qiyamət günü Cəhənnəm atəşi görməz:1.Allah qorxusundan ağlayan göz. 2.Allah yolunda keşik çəkən göz. 3.Allahın haram etdiyi şeylərə baxmaqdan çəkinən göz.


Nə etməliyik ki, harama baxmayaq?!


Biz nə qədər qafil olsaq da Alalhu təalə Qurani-Kərimdə bizi Cənnətə çağırır və Cəhənnəmdən qorunmamız üçün xəbərdarlıqlar edir.-


“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Tövbə,71)


Əbubəkr əs Siddiq (ra) buyurur: “Allah qarşısında günah etməmək, yaxşı işlər etməkdən daha üstündür.


Onun üçün ey müsəlmanlar, gözlərinizi günahdan qoruyun.Yaşadığınız mühit sizi dindən uzaqlaşdırmağa çalışır. Qadınların geyimləri, hərəkətləri və s. Allah bizi bu cür qadınların fitnəsindən qorusun.Necə ki, Rasulullah (sas) Əli İbn Əbu Talibə (ra) buyurur:


-“Ya Əli, bir qadın gözünə dəydikdə, ona ikinci dəfə baxma.Çünki birinci baxışda sənə günah yoxdur.Amma ikincisinin günahı vardır! (Muslim)


Harama baxmaqla çox şey itirirsən! Bəs qazandığın nədir?


İynənin ucu qədər bir zəhər insan bədəninə daxil olsa, bütün bədənə yayılıb onu məhv edər.Mənəviyyat baxımından da, insan şəhvətlə naməhrəmə baxarsa mənəviyyatı bu şəkildə həlak olar.


Bir düşün! Səhərdən axşama kimi harama baxdığında nəyi qazanırsan?Əksinə, Allahın rəhmətindən uzaq düşdüyün qədər, özünü şeytana təslim edirsən.Çünki harama baxmağı sənə şeytan əmr edir.Və əgər baxırsansa demək Allahu təaləyə yox, şeytana boyun əymiş olursan. Bax, haram baxışlar insanı necə böyük günaha sövq edir.


Və sonda nəfsinizə sual verin:” Ey nəfsim, sən Cənnəti istəyirsən, yoxsa Cəhənnəmi?”Təbii, nəfsiniz rahatlığı sevir.Demək ki, Cənnəti istəyəcək.O zaman ondan bir daha soruşun:”Cənnəti istəyirsən, bəs o zaman niyə Cəhənnəmə aparan yol ilə gedirsən?”


Axı Allahu təalə buyurur:


-“Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (Ənam surəsi, 153)


Allahu təalə bizləri bu haqq yol ilə gedənlərdən etsin və bizi bu haqq yolda irəlilədikdən sonra geriləməkdən qorusun.Amin


117 просмотров
 
Комментарии
captain070 14.11.2009

raziyam ama bizdə elə mömin qardsalar varki namazdan ciğan kimi zina edirlər budaki axirətdə ALLAH tərəfindən bağılşlanmayan 1 günah kimi olacaq

Дневники
Дневники обновляются каждые 5 минут